Optic internetə qoşulma ərizəsi | METRONET

I. Qeydiyyat blankında doldurduğunuz məlumatın doğruluğuna görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyırsınız.

II. Sorğunuzun qəbul olunduğu barədə məlumat əldə etdikdən sonra ən geci 3 (üç) iş günü ərzində ödənişi yerinə yetirməlisiniz. Əks halda müraciətiniz birtərəfli qaydada ləğv olunacaqdır.
* * *

1. MÜQAVİLƏNİN PREDMETİ
Bu müqaviləyə görə PROVAYDER, ABUNƏÇİNİN sifarişi əsasında onun mövcud telefon xəttinin istifadə edilməsi ilə ADSL texnologiyası üzrə internet xidməti təmin etməyi (bundan sonra “İnternet Xidməti adlandırılacaq”), ABUNƏÇİ isə bunun müqabilində hazırkı müqavilə ilə müəyyən edilmiş şərtlər əsasında həmin xidmətləri PROVAYDERƏ ödəməyi öz öhdəsinə götürür.

2. MÜQAVİLƏNİN DƏYƏRİ VƏ MƏBLƏĞİ
Burada abonentin tariff paketi və ödəniş məbləği qeyd olunur.

3. TƏRƏFLƏRİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ
3.1. PROVAYDERİN hüquq və öhdəlikləri:
3.1.1. Ödəniş həyata keçirildiyi tarixdən 7 (yeddi) iş günü ərzində ABUNƏÇİNİ Beynəlxalq İnternet Şəbəkəsinə qoşur və internet xidmətləri göstərilməsini təmin etmək.
3.1.2. Nasazlıqları aradan qaldırmaq üçün lazım olan müddət və profilaktik işlər istisna olmaqla gecə-gündüz (24 saat ərzində) Abunəçini Texniki Dəstəklə təmin etmək.
3.1.3.Təqdim edilən xidmətlərə dair bütün gün ərzində üç rəqəmli “Qaynar xətt” vasitəsi ilə ABUNƏÇİYƏ məsləhətlərin alınması imkanını təmin etmək. Qaynar xəttin nömrəsi: 128
3.1.4.Hazırkı Müqavilə və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, ABUNƏÇİ haqqında (qeydiyyat və başqa məlumatları) məlumatı üçüncü şəxslərə açıqlamamaq.
3.1.5.“Telekkommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə uyğun olaraq sirrin saxlanılması üzrə tələblərin icrasını təmin etmək.

3.2. ABUNƏÇİNİN öhdəlikləri:
3.2.1.PROVAYDER tərəfindən göstərilən xidmətlərin dəyərini hazırkı müqavilə ilə nəzərdə tutulmuş qaydada, həcmdə və müddətdə ödəmək.
3.2.2. Zərurət olduğu halda PROVAYDERİN əməkdaşlarına və ya onun cəlb etdiyi podratçılara müvafiq avadanlığın quraşdırılması yerinə daxil olmanı təmin etmək.
3.2.3. Yalnız nöqsansız, mövcud normativ və hüquqi sənədlərə uyğun olan sertifikatlaşdırılmış əlaqə avadanlığından və həmçinin lisenziyalı proqram təminatından istifadə etmək.
3.2.4 PROVAYDERİN yazılı formada razılığı olmadan, hazırkı müqavilə ilə müəyyən edilmiş hüquq və öhdəlikləri üçüncü şəxslərə ötürməmək və kommersiya məqsədi ilə təqdim etməmək.
3.2.5. Tarif planının dəyişdirilməsi zamanı Şəxsi hesabında yeni tarif planına uyğun aylıq abunə haqqı həcmində məbləğin olmasını təmin etmək.
3.2.6. Dəyişikliklərlə bağlı məlumatı mütəmadi olaraq PROVAYDERİN “www.metronet.az” saytına baxmaq və ya öz şəxsi kabinetini yoxlamaq.
3.2.7. ADSL texnologiyası üzrə rabitə xidmətlərinin müvəqqəti dayandırılmasını istədiyi halda PROVAYDERƏ rəsmi yazılı şəkildə müraciət etmək.
3.2.8. Müqavilə imzalandıqdan sonra elektron poçt ünvanını (e-mail) və əlaqə mobil nömrəni PROVAYDERƏ dərhal bildirmək.
3.2.9. Yaşayış yerinin, telefon nömrəsinin və ya elektron poçt ünvanını (e-mail) dəyişdirilməsi zamanı PROVAYDERİ dəyişiklikdən sonra 10 (on) gün müddətində xəbərdar etmək.

4. ÖDƏNİŞ MÜDDƏTİ, ŞƏRTLƏRİ VƏ QAYDALARI
4.1. PROVAYDER tərəfindən göstərilən xidmətlərin dəyəri ABUNƏÇİ ilə bağlanan hazırkı Müqavilə ilə müəyyən edilir.
4.2. ABUNƏÇİ internetə qoşulduğu gündən 1 ay (31 gün) müddətinə kimi ABUNƏÇİ PROVAYDER tərəfindən göstərilən xidmətlərin dəyərinin ödənilməsini, yəni şəxsi hesabının (balansının) doldurulmasını təmin edir.
4.3. ABUNƏÇİNİN şəxsi hesabında (balansında) mənfi balans yarandığı təqdirdə ABUNƏÇİ tərəfindən şəxsi hesab doldurularkən ilk olaraq mənfi balans silinir və bundan sonra ödənilmiş vəsaitin qalıq hissəsi ABUNƏÇİNİN şəxsi hesabına qoyulur.
4.4. Müqavilənin 4.2-ci maddəsində göstərilən müddət keçdikdən sonra PROVAYDER tərəfindən kanal heç bir xəbərdarlıq olunmadan istənilən vaxt dayandırıla və müqavilə birtərəfli qaydada ləğv oluna bilər.
4.5. ABUNƏÇİNİN PROVAYDERƏ göstərilmiş xidmətlərə və ya abunə haqqına görə ABUNƏÇİNİN şəxsi hesabında mənfi balans (borc) yarandığı təqdirdə həmin borc ödənilmədiyi anadək ABUNƏÇİ müqaviləyə birtərəfli qaydada xitam verə bilməz.

5. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
5.1. PROVAYDERİN məsuliyyəti:
5.1.1. ABUNƏÇİNİN telefon xəttinin keyfiyyətinə görə PROVAYDER məsuliyyət daşımır.
5.1.2.PROVAYDER, ABUNƏÇİNİN Xidmətlərdən istifadə etdiyi zaman ötürülən və onun tərəfindən qəbul edilən məlumatların, materialların məzmunu və həqiqiliyinə görə məsuliyyət daşımır.
5.1.3. PROVAYDER, ABUNƏÇİNİN Xidmətdən istifadə etməsi və ya etməməsi nəticəsində əldən verilmiş mənfəətə, müştərinin və etibarın itirilməsinə görə məsuliyyət daşımır.
5.1.4. İnternet müxtəlif şəbəkələrin birləşməsi olduğu üçün, PROVAYDER İnternet şəbəkəsinin nöqsansız və fasiləsiz fəaliyyətinə və ayrı-ayrı seqmentlərə girişə görə məsuliyyət daşımır. PROVAYDER, İnternet şəbəkəsinin serverləri və mərkəzləri ilə məlumat mübadiləsinin mümkünlüyünə təminat vermir.
5.1.5. PROVAYDER, Xidmətin göstərilməsi üçün istifadə edilən və PROVAYDERİN məsuliyyət sahəsindən kənara çıxan avadanlığın və əlaqə vasitələrinin texniki vəziyyəti və sazlığına görə məsuliyyət daşımır. PROVAYDERİN məsuliyyət sahəsi, PROVAYDERƏ məxsus olan avadanlıqla məhdudlaşır.
5.2. ABUNƏÇİNİN məsuliyyəti:
5.2.1. ABUNƏÇİ, onun İnternet şəbəkəsindən aldığı məlumatın istifadəsi ilə bağlı risklərə görə, məsuliyyət daşıyır.
5.2.2. ABUNƏÇİ, giriş üçün şifrənin (istifadəçi adı, şifrə) saxlanılmasına görə məsuliyyət daşıyır.
5.2.3. ABUNƏÇİ, şəbəkəyə, avadanlığa və PROVAYDERİN ehtiyatlarına icazə verilmədiyi halda, daxil olması nəticəsində, PROVAYDERƏ vurulmuş zərərə görə məsuliyyət daşıyır.
5.2.4. ABUNƏÇİ, təqdim etdiyi avadanlığın (modemin, drayverlərin, quraşdırma disklərinin) işlək və saz vəziyyətdə olmasına görə məsuliyyət daşıyır.
5.2.5 ABUNƏÇİ, hazırkı Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi təqdirdə mübahisəli məsələlərin həll edildiyi vaxtadək, PROVAYDER Xidmətin müvəqqəti dayandırılması hüququnu özündə saxlayır.

6. XİDMƏTƏ QOŞULMAĞIN TEXNİKİ İMKANLARI
6.1.ABUNƏÇİNİN telefon xəttində hər hansı bir başqa avadanlıqlar: telefon kanallarının sıxlaşdırılması aparaturası, təcrid edicilər, qulaq asmadan müdafiə avadanlıqları, mühafizə siqnalizasiya aparatları, həmçinin iki və daha artıq paralel telefon şəbəkəsi avadanlıqları (telefon, faks və s.) quraşdırılmamalıdır.
6.2.ABUNƏÇİNİN telefon xəttinin texniki vəziyyəti, ADSL texnologiyalarının istismarı şərtlərinə uyğun olmalıdır. Uyğunsuzluğun aşkar edildiyi halda mövcud çatışmamazlıqların tamamilə aradan qaldırılması, ABUNƏÇİNİN üzərinə düşür.

7. QARŞISI ALINMAZ HALLAR
7.1. Tərəflər fövqəladə və qarşısı alınmaz hallar: təbii fəlakətlər (zəlzələ, sel və s.), ictimai həyat halları (hərbi əməliyyatlar, iri miqyaslı tətillər, epidemiyalar, enerji təchizatı müəssisələrində qəzalar, birləşdirici provayderlərin şəbəkəsində qəzalar və s.) və dövlət orqanlarının qadağanedici tədbirləri və sair hallar üçün məsuliyyət daşımırlar.
7.2. Fors-major hallarının və onların nəticələrinin 1 (bir) aydan çox davam etdiyi halda və ya əgər belə halların başlanması zamanı məlum olsa ki, onların davam etməsi bu müddətdən çox davam edəcək, Tərəflər mümkün qədər tez bir zamanda bu Müqavilənin icrası üçün onlara əlverişli olan alternativ üsulların aşkar edilməsi məqsədilə danışıqlar aparırlar.

8. MÜBAHİSƏLƏRİN HƏLL EDİLMƏSİ
8.1 Hazırkı Müqavilə Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq nizamlanmalı və təfsir olunmalıdır.
8.2 Hazırkı Müqavilədən irəli gələn və ya ona aid olan hər hansı mübahisə və ya fikir ayrılığı yaxud onun şərtlərinin pozulması, Tərəflər arasında öncə danışıqlar yolu ilə həll edilməlidir.
8.3 Mübahisələr danışıqlar yolu ilə həll oluna bilinmədiyi təqdirdə Tərəflər Azərbaycan Respublikasının aidiyyatı məhkəməyə müraciət etmək hüququndan istifadə edəcəklər.

9. YEKUN MÜDDƏALAR
9.1 PROVAYDER müqavilənin şərtlərinə və əlavələrinə birtərəfli qaydada dəyişiklik etmək hüququna malikdir.
9.2 PROVAYDER hazırkı Müqavilənin şərtlərini və müəyyən edilmiş xidmətlərin dəyərini, öz tarif siyasətinə uyğun olaraq, 10 (on) iş günü qabaqcadan “www.METRONET.az” saytında yerləşdirmək və ABUNƏÇİNİN elektron poçt ünvanına (email) məktub və ya mobil telefona sms göndərmək vasitəsilə dəyişdirə bilər. Həmin müddət ərzində ABUNƏÇİDƏN yazılı irad daxil olmadığı təqdirdə qeyd olunan dəyişikliklər ABUNƏÇİ tərəfindən qəbul edilmiş hesab edilir və qüvvəyə minir.
9.3 Hazırkı Müqavilə qüvvəyə mindiyi andan tərəflər arasında yuxarıda göstərilənlər haqqında mövcud olan bütün yazışmalar, sifahi razılaşmalar, müqavilələr və onlara edilmiş əlavələr qüvvədən düşmüş hesab edilir.
9.4 Xidmətin dayandırılması ABUNƏÇİNİ borcu ödəməkdən azad etmir. İnternet xidmətinin dayandırıldığı dövr (yazılı imtina müddətinə qədər) üçün xidmət haqqı hər 10 günə görə 1 AZN cərimə təyin edilməklə ABUNƏÇİ tərəfindən ödənilir.
9.5 Ləğv etmə ərizə yazıldıqdan sonra abunəçi 1 ay ərzində ATS-dən portdan çıxarılır.
9.6 Bu Müqavilə Azərbaycan dilində iki nüsxədə hazırlanır və eyni hüquqi qüvvəyə malikdir.